Analitika

Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa dövlətləri ilə münasibətlərə üstünlük verməyə başladı. Azərbaycan üçün nüfuzlu Avropa dövlətləri ilə münasibətlər yaratmaq və faydalı əməkdaşlıq əlaqələri qurmaq mühüm əhəmiyyət kəsb edirdi. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.

Avropa ölkələri içərisində Azərbaycanın Almaniya ilə münasibətləri xüsusilə fərqlənir. Azərbaycanla Almaniya arasında dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Xüsusən son illər iki ölkə arasında qarşılıqlı münasibətlərin müqavilə-hüquq bazasının yaradılmasına yönəlik uğurlu xarici siyasət həyata keçirilir. Almaniya ilə siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni, humanitar, və b. sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurularaq inkişaf etdirilir.

Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyevin həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı bir daha iki ölkənin münasibətlərinin gələcək inkişafına yeni bir pəncərə açdı. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində diqqət mərkəzində olan mühüm məsələlərdən biri də ölkəmizin regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində oynadığı rol oldu. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək.

Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən Berlin üçün əhəmiyyətli dividendlər vəd edir. Bu kimi əlaqələr ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir. Bundan əlavə, təhsil sahəsində əməkdaşlıq üçün də böyük perspektiv imkanlar vardır. Hesab edirəm ki, bu kimi əməkdaşlıq imkanlarının genişləndirilməsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button