
Prezident İlham Əliyevin mesajları qlobal risklərdən etibarlı sığortadır. Məlum olduğu kimi, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Bu formatın artıq ənənəyə çevrildiyini qeyd edə bilərik. Söhbət ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki yerini və rolunu vurğulayan, kifayət qədər, praktik çalarlarla zəngin ənənədən gedir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışı ölkəmizin müzakirə olunan mühüm mövzular üzrə öncüllüyünün təsdiqi baxımından xüsusi əhəmiyyət daşıdı. Dövlətimizin başçısı geniş məzmunlu çıxışında, ümumən, enerji məsələləri ilə bağlı beynəlxalq gündəmin vacib prioritetlərinə toxundu, mövcud istiqamətdə Azərbaycanın daşıdığı missiyanı təfsilatı ilə açıqladı, habelə ölkəmizin prioritetlərini sadaladı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikdir. Deməli, Azərbaycan dünya üçün müstəsna önəmə malik layihələri təkcə icra etmir, habelə həmin layihələrin davamlılığı və risklərdən etibarlı müdafiəsini də qurur, bununla bağlı immunitet formalaşdırmağı bacarır. Dövlətimizin başçısı fikirləri ilə eyni zamanda, beynəlxalq miqyasda Azərbaycanın etibarlı tərəfdaş mövqeyini canlandırır. Yeri gəlmişkən, bu mövqe, demək olar ki, hər il möhkəmləndirilməkdədir. Belə bir statusun əldə olunması isə fəaliyyət səmərəliliyinin, praqmatizmin, rasional düşüncənin nəticəsidir. Ölkəmizin lideri beynəlxalq ictimaiyyətin diqqətini son dərəcə vacib məsələyə çəkir və bu, ilk növbədə dünyanın, o cümlədən Avropanın biznes mühitinin qorunmasına müstəsna töhfədir. Əlbəttə, Azərbaycan dövlətinin yanaşması heç də o demək deyil ki, indiki enerji mühafizəkarlığı tam şəkildə saxlanılmalıdır. Nəhayət, obyektiv şərtlər, dəyişən reallıqlar var.Deməli, vəziyyətə uyğunlaşmaq şərtdir. Azərbaycan da obyektiv və labüd prosesə adekvat davranmanın tərəfdarıdır. Ona görə Prezident İlham Əliyev çıxışında ölkəmizin COP29-dakı mesajını xatırladır: “Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil”. Bizim sözdə deyil, əməldə də liderliyimiz özünü göstərir. Pandemiyadan əziyyət çəkən ölkələrə yardımlar etdiyimiz danılmaz faktdır. Dünyada xeyriyyəçi ölkə kimi tanınan Azərbaycan eyni münasibətin yaşıl dünya quruculuğunu da əhatə etməsinin tərəfdarıdır. Prezident İlham Əliyevin mötəbər toplantıda bu məqamı vurğulaması da ölkəmizin prinsiplərinə sadiqliyinin növbəti göstəricidir.
Ramin Əliyev,
YAP-ın fəalı