Analitika

Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü işlər hərtərəfli, sürətli və planlıdır

Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək xalqımıza böyük qürur verir.

Məhz bu baxımdan Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində  iştirak etmişdir. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tədbir iştirakçılarına təqdim etdiyi açıqlamalarında Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar təqdim etmişdir. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.

Zəngilan rayonunun coğrafi mövqeyi mühüm nəqliyyat qovşağına çevrilməsinə zəmin yaradır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Müasir tələblər səviyyəsində tikilib istifadəyə verilən bu aeroport da insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə Zəngilan rayonu böyük turizm məkanı kimi diqqətdə olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan ən böyük sərvətimizdən biridir.

Onu da qeyd edək ki, Azərbaycanın şəhərsalma təcrübəsi beynəlxalq aləmdə təqdirə layiqdir. Dövlət başçısı İlham Əliyev ötən ildə Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı səsləndirdiyi “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik” fikirlər hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanın şəhərsalmada da qazandığı uğurların beynəlxalq səviyyədə dəstəkləndiyini də bildirmişdir.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri görülən işlərə nəzarət xarakteri daşıyır. Mənfur düşmən tərəfindən dağıdılmış Zəngilan şəhərində aparılan bütün bərpa və quruculuq işlərinə nəzarət edən Prezident İlham Əliyev burada icra olunan layihələrin regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacağını bildirib. Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatı məsləhətçi

Oxşar Xəbərlər

Back to top button