AnalitikaMədəniyyət

Azərbaycanın güclü xarici siyasətinin səbəbi uzun illərdir daxili siyasətdə atdığı uğurlu addımlardır

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Çünki bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə yüksəlməsi ilə müşayiət olunur. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Bu mənada multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri inkişaf etdirilib. Hazırda bu ideyalar Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə gündəmə gətirilmiş və demək olar ki, bütün dünyaya Azərbaycan multikulturalizmi modelini təklif etmişdir. Son illərdə Bakıda və respublikanın digər şəhər və rayonlarında bir-birinin ardınca multikulturalizm mövzusunda beynəlxalq konfranslar, forum və seminarlar keçirilib. Azərbaycan dünya xalqlarına tutduqları ideoloji, sosial-siyasi və mədəni durumlarından asılı olmayaraq dialoqa yönəlmiş baxışlarını təqdimetmə meydanına çevrilib. 2011-ci ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. Bu cür tədbirlərin təşkili və keçirilməsi ölkənin xarici siyasətinə də öz təsirini göstərir.  Bu mənada xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, ölkənin milli mənfeləri ilə xarici aləmin maraqları arasında sivil birgəyaşayış qaydaları və normaları əsasında uyğunlaşdırılmış, uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət növü kimi xarakterizə etmək olar.  Azərbaycan Respublikasının indiki siyasəti siyasi birliyin və ərazi bütövlüyünün təminatından, bununla da Qarabağ münaqişəsinin həllindən ibarətdir. Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitutsiyasında və Prezident Heydər Əliyevin çıxışlarında öz əksini tapmışdır.

 Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsindən, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarətdir. Bunun üçün ilk növbədə Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi tərəfdaşlıq imkanları obyektiv qiymətləndirilməli, həmin amillərin bəhs edilən ölkələrin iqtisadi və siyasi maraqları ilə uzlaşdırılması yönümündə təsirli addımlar atmalıdır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button