AnalitikaGündəmSiyasət

Azərbaycanın diplomatik təşəbbüslərlə Türkiyə və İsrail arasında normallaşmanı təşviq etməsi sülhə töhfə verməkdir

Müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində regional sabitlik və əməkdaşlıq dünya siyasətində ön plana çıxmışdır. Bu kontekstdə Azərbaycanın oynadığı vasitəçi rolu və göstərdiyi diplomatik səylər beynəlxalq münasibətlər sistemində diqqətəlayiq nümunə kimi dəyərləndirilir. Xüsusilə müttəfiqimiz olan Türkiyə ilə dost ölkə İsrail arasında əlaqələrin normallaşmasına yönəlik görülən səylərdə Azərbaycanın mühüm diplomatik fəaliyyət göstərməsi beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da artırmaqdadır. Azərbaycan diplomatiyası sülh və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasını prioritet hesab edir. Məhz bu səbəbdən də Türkiyə və İsrail arasında gərginliklərin azaldılması, qarşılıqlı anlaşmanın bərpası və strateji tərəfdaşlığın formalaşması üçün səylərini əsirgəmir. İki il əvvəl İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, eləcə də Nyu-Yorkda Baş nazir Benyamin Netanyahu ilə keçirdiyi görüşlər bu normallaşmanın əsas pillələrini təşkil etmişdi. Azərbaycan bu proseslərdə özünü bir vasitəçi və dost ölkə kimi göstərərək, diplomatik kanallarla əməkdaşlığa təkan vermişdir. İctimaiyyət üçün bu proseslər tam şəffaf şəkildə görünməsə də, Azərbaycan rəhbərliyinin bəyanatları aydın şəkildə göstərir ki, Bakı bu cür strateji və mürəkkəb münasibətlərin yumşalmasına yönəlik “bağlı qapılar arxasında” davamlı olaraq işləyir. Azərbaycanın bu prosesdə əsas məqsədi sadəcə vasitəçilik etmək deyil, eyni zamanda regionda və beynəlxalq aləmdə sülh və sabitliyə töhfə verməkdir. Dost ölkələr arasında olan gərginliklər yalnız bu ölkələr üçün deyil, region və dünya üçün də mənfi nəticələr doğura bilər. Məhz buna görə Azərbaycan belə situasiyalarda diplomatik səylərini maksimum səviyyədə səfərbər edir. Normallaşma, qarşılıqlı etimadın bərpası və ortaq maraqların təmin olunması Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin diplomatik mövqeyi və praqmatik yanaşması nəticəsində Azərbaycan bu gün nəinki regional, hətta qlobal diplomatik təşəbbüslərdə də aktiv iştirak edən bir ölkəyə çevrilmişdir. Bu prosesin uğurla başa çatması, yalnız Türkiyə və İsrail üçün deyil, həm də Yaxın Şərq və Cənubi Qafqaz regionları üçün mühüm əhəmiyyət daşıyır. Tərəflərin bir masa ətrafında əyləşib fikir mübadiləsi aparması, bir çox siyasi və iqtisadi çətinliklərin qarşısını ala bilər. Nəticə etibarilə, Azərbaycan yalnız öz milli maraqlarını deyil, eyni zamanda dost və tərəfdaş ölkələrin də rifahını düşünərək, qlobal sülh və əməkdaşlıq naminə mühüm addımlar atmaqdadır. Azərbaycanın diplomatik təşəbbüsləri bir daha sübut edir ki, ölkəmiz beynəlxalq münasibətlərdə sabitlik, barış və tərəqqinin təmin olunmasında mühüm aktor kimi çıxış edir. Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində göstərilən səylər isə bu siyasətin parlaq nümunəsidir.

İsmayıl Nağızadə,
YAP-ın məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button