Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim siyasətindəki mövqeyini bir daha möhkəmləndirib. Bu tədbir xüsusilə kiçik ada dövlətləri ilə əməkdaşlıq sahəsində yeni imkanlar açdı. Belə ki, onların beynəlxalq arenada səslərinin eşidilməsi və problemlərinin həllinə diqqət çəkilməsi zəruridir. İqlim dəyişikliyi bütün ölkələrə təsir etsə də, kiçik ada dövlətləri üçün bu, mövcudluq məsələsidir. Azərbaycan bu dövlətlərə yardım və tərəfdaşlıq prinsiplərinə əsaslanan dəstək verir. Fəlakətlər zamanı yardım göstərilməsi, mədəni irsin bərpası layihələri və ali təhsil üçün təqdim edilən təqaüd proqramları bu istiqamətdə atılmış addımlardır. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi müddətində 20 kiçik ada dövləti də daxil olmaqla çoxsaylı ölkələrə humanitar və maliyyə yardımları təqdim etmişdir.
İqlim dəyişikliyinin təsirləri Fransanın və Niderlandın keçmiş müstəmləkə ərazilərində xüsusilə hiss olunur. Bu bölgələrdə, xüsusən də Karib dənizi və Sakit okean hövzəsində ekosistemin pozulması ciddi narahatlıq doğurur. Fransa Polineziyasında və Yeni Kaledoniyada nüvə sınaqları nəticəsində ətraf mühit və yerli icmalar üçün yaranan fəlakətlər unudulmazdır. Heç şübhəsiz Fransa rejiminin bu ərazilərdəki repressiv siyasəti Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində insan hüquqlarının pozulması halları ilə müşayiət olunur. Təəssüf ki, bu hadisələr nə Avropa Parlamenti, nə də Avropa Komissiyası tərəfindən yetərincə qınanır. Bu, yalnız Avropa diplomatiyasının ikili standartlarını deyil, həm də beynəlxalq səviyyədə ədalət anlayışının nə qədər zərər gördüyünü göstərir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi