Analitika

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşib

Azərbaycan Respublikası 44 gün davam edən  İkinci Qarabağ müharibəsi zamanı bütün dünyaya, dosta-düşmənə öz gücünü və qüdrətini göstərdi. Lakin Ermənistan məğlubiyyətə doymamış və öz terror siyasətindən, təxribatlarından əl çəkməmişdir. Üçtərəfli bəyanatın müddəalarına əməl etməyən ermənilər bununla da qalmamış, son üç ildə qanunsuz olaraq sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə minalar yerləşdirmişdir. Bu günə qədər 300-dən  çox azərbaycanlı minaya düşərək həyatını itirmiş və ya ağır yaralanmışdır.

2023-cü il sentyabr ayının 18-də baş verən hadisələr və Azərbaycan Respublikasının antiterror tədbirlərini həyata keçirməsi nəticəsində düşmən layiqincə cəzalandırıldı. Lokal xarakterli antiterror tədbirlərinin planlı və sistemli şəkildə həyata keçirilməsi və Azərbaycan ordusunun böyük qəhrəmanlıq, peşəkarlıq göstərməsi nəticəsində bir daha Ermənistana göstərildi ki, Azərbaycan Respublikası onların  istənilən təxribatlarına layiqli şəkildə cavab verməyə həmişə hazırdır. Həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası öz suverenliyini bərpa etmiş və Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilən ordusunun böyük bir hissəsi və hərbi texnikası məhv edilmişdir. Həmçinin antiterror tədbirləri o qədər dəqiqliklə və peşəkarlıqla həyata keçirildi ki, mülki əhali zərbə altına düşmədi və mülki infrastruktura zərər vurulmadı. Sadəcə düşmən mövqeləri,silahları və texnikaları məhv edildi.

İkinci Qarabağ müharibəsi bir daha onu sübut etdi ki, Azərbaycan Respublikasında heç vaxt dini, milli və digər meyarlara görə ayrı-seçkilik olmayıb və Azərbaycan xalqı, bütün etnik qruplar Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşib. Cənab Prezident İlham Əliyev müraciətinin sonunda bir daha bildirdi ki, Azərbaycan xalqına, onun torpaqlarına göz dikənlər və qələbəmizi həzm edə bilməyənlər anlamalıdır ki, Azərbaycan uğrunda,Vətən uğrunda birləşən bu yumruq hər zaman yerindədir və Qarabağ Azərbaycandır!

Abbasova Zərxanım,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button