Analitika

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın hələ neçə-neçə zəfərlərə imza atacağına əmindir

Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama  əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Cənab İlham Əliyev Prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Xalqımız isə sevimli rəhbərinə öz dəstəyini həmişə göstərmişdir. Əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı günlərini yaşayır.  Cənab İlham Əliyev  yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi. Cənab İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciətində Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatacağına əminliklə yanaşdığını bildirdi. Reallıq budur ki, Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Cənab İlham Əliyev hər bir çıxışında bildirir ki, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Dövlət başçısı İlham Əliyev Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, həmin ölkələr o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Xocalı soyqırımı törədilmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” hərəkatı geniş vüsət almışdır. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. «Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.» Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın hələ neçə-neçə zəfərlərə imza atacağına əmindir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button