Azərbaycan xalqı müqəddəs məqsədinə çatdı
Oktyabrın 15-i Azərbaycan tarixinə iki əlamətdar hadisə ilə həkk olunub. Birincisi, 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. İkincisi, ölkə Prezidenti Xocalı və Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaldıb. Göründüyü kimi, bu iki əlamətdar hadisənin hər biri məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əslində ikinci tarixi hadisə birincinin məntiqi nəticəsidir.
İyirmi il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcək, ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi, müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlətimizin başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.
Xalqımız 30 il idi ki, Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasını gözləyirdi. Xocalı yarası sağalmaz iz buraxmışdı və Xocalıda bayrağımızı görmək istəyirdik. Ağdərə uğrunda çoxlu şəhid vermişdik, Ağdərədə bayrağımızı görmək istəyirdik.
Əsgəranda qanlı terrorlar baş vermişdi, insanlarımızı şəhid etmişdilər, vətəndaşlarımızı qovmuşdular, Əsgəranda bayrağımızı görmək istəyirdik. Şükürlər olsun ki, bütün bunların hamısı həyata keçdi. Xankəndidə bayrağımızın ucaldılmasıyla Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.
Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib. Prezident İlham Əliyevin doğum günü ərəfəsində Vladimir Putin dövlətimizin başçısı barədə belə deyib: “Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur. Bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək. Bu, istənilən insanın əsas xarakterik xüsusiyyətlərindəndir, siyasətlə məşğul olanlar üçünsə ikiqat vacibdir”
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, ölkənin ərazi bütövlüyünü, dövlətimizin suverenliyini tam bərpa etdi. Qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində mümkün oldu. O, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi.. Prezident İlham Əliyev bu tarixi Zəfərlə kökü 200 il əvvələ gedən, neçə-neçə nəslə acı tale yaşadan bir problemi kökündən həll etdi.
“İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”, – deyə Prezident vurğulayıb.
Azərbaycan Prezidenti bütün dünyada öz vədlərinə sadiq qalan, qarşısına qoyduğu hədəflərə çatmağı bacaran bir lider kimi tanınır. Qarabağın Ermənistanın işğalından və erməni separatçılarından azad edilməsi, Azərbaycan Bayrağının Xankəndidə ucaldılması da 20 il əvvəl vəzifəyə gəldiyi gündən onun bir nömrəli hədəfi olub. Və budur, Azərbaycan xalqının onilliklər ərzində olan arzusu nəhayət ki, çin oldu. Dövlətimizin başçısının bəyan etdiyi kimi biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında.
Mətanət Cəfərova,
YAP-ın fəalı.