
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat vermişdir. İki ölkə arasında imzalanmış sənədləri ikitərəfli əlaqələrimizin inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlərdə aparılan müzakirələr barədə məlumat vermiş, Somali Prtezidentinin Azərbaycana səfərini dostluq münasibətlərində yeni səhifə açacağını bildirmişdir: “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq.”
Somali ilə ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verildiyini söyləyən Dövlətimizin başçısı qeyd etmişdir ki, “Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.”
Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. Bununla bağlı İlham Əliyev bildirmişdir: “Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.”
Həmçinin Azərbaycan Prezidenti müdafiə sahəsində də bir sıra müzakirələrin aparıldığını söyləmişdir: “Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.”
Həmçinin müzakirələrdə beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi ilə bağlı məsələlər öz əksini tapmışdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.
Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı