Azərbaycan və İran arasındakı münasibətlər son dövrdə müsbət tendensiyada inkişaf edir

Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan – İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra inkişaf mərhələsinə qədəm qoyub. Bu əlaqələr sonrakı illərdə də möhkəm siyasi iradə sayəsində genişlənib və bu gün əməkdaşlığın bütün sahələrini əhatə edir
Azərbaycan və İran arasındakı münasibətlər son dövrdə müsbət tendensiyada inkişaf edir. İkitərəfli münasibətlərdə də aylar öncə baş verən böhran artıq aradan qalxıb. Hazırda həm Azərbaycan, həm də İran tərəfindən qarşılıqlı münasibətlərin inkişafı üçün müsbət açıqlamalar verilir. Hesab edirəm ki, ölkə rəhbərlərinin görüşü ikitərəfli münasibətlərdə inkişafın əsas nümunəsidir.
Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yerlərdən birini tutmuşdur. Bu isə iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı