AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafı, ŞƏT-in rolu və Qlobal Cənubun əhəmiyyətini ətraflı şəkildə əks etdirilib

Azərbaycan və Çin arasında qurulan strateji tərəfdaşlıq son illərdə yeni dinamika qazanaraq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından uzun müddət keçir. Bu müddət ərzində əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. 2024-cü ildə ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarını keçməsi, iqtisadi əlaqələrin yalnız rəqəmlərlə deyil, strateji inamla da müşayiət olunduğunu göstərir. Prezidentin “Biz bu əməkdaşlığı daha da genişləndirmək əzmindəyik” fikri gələcək inkişafın prioritet xəttini müəyyən edir. Bu gün Çin-Azərbaycan münasibətləri qarşılıqlı hörmət, siyasi sabitlik və iqtisadi faydalılıq prinsipləri əsasında formalaşmış çoxşaxəli əməkdaşlıq Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Müsahibədə, Qlobal Cənub-un yüksəlişi və onun qlobal idarəetməyə təsiri də müzakirə edilib. Prezident Qlobal Cənubun tərkibində olan ölkələrin BMT-yə üzv dövlətlərin üçdə ikisini təşkil etdiyini vurğulayaraq, bu ölkələrin daha ədalətli və təhlükəsiz dünya nizamının qurulmasında iştirakının vacibliyini qeyd edib. Bundan başqa, Azərbaycan və Çin arasındakı əlaqələrin inkişafı, ŞƏT-in rolu və Qlobal Cənubun əhəmiyyətini ətraflı şəkildə əks etdirilib. Prezident İlham Əliyevin fikirləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinin və beynəlxalq məsələlərdə birgə fəaliyyətin vacibliyini vurğulayır: “Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”. Sözügedən müsahibədə, eyni zamanda, iki ölkə arasında humanitar mübadilələrin də inkişaf etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Çin dilinin öyrənilməsi proqramları və turizm sahəsindəki artım, iki xalq arasında mədəni əlaqələrin güclənməsinə xidmət edir. Ötən il Azərbaycana gələn çinli turistlərin sayının iki dəfə artması, bu sahədəki müsbət tendensiyaların göstəricisidir. Prezident İlham Əliyev, iki ölkə arasında əməkdaşlığın genişlənməsinin, həm iqtisadi, həm də mədəni sahələrdə müsbət nəticələr verəcəyini vurğulayıb. Bu, Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır və strateji tərəfdaşlığın daha da dərinləşməsinə imkan tanıyır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının. məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button