
2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının aparıcı informasiya agentliklərindən olan “Sinxua”ya verdiyi geniş məzmunlu müsahibə təkcə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı deyil, eyni zamanda regional və qlobal məsələlərə dair Azərbaycanın prinsipial mövqeyini, regional əməkdaşlıq baxımından ölkənin artan rolunu və qarşılıqlı maraqlara əsaslanan çoxtərəfli siyasətini əks etdirdi. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətləri – ilk növbədə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunmasını vurğuladı və bu uğurun beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və ədalətə əsaslandığını xüsusi qeyd etdi. O bildirdi ki, bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də uzun illər xalqın milli ideyası kimi qəbul olunan məqsədə – vahid və bütöv Azərbaycanın qurulmasına nail olmağın təntənəsidir. Prezident İlham Əliyev beynəlxalq təşkilatların illərlə verdiyi qərarların yalnız kağız üzərində qaldığını, lakin Azərbaycanın bu ədalətsizliyə öz gücü, iradəsi və strateji planlaması ilə son qoyduğunu vurğuladı. Müsahibədə Prezident İlham Əliyev Çin ilə münasibətlərin hazırkı inkişaf səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirdi və bu tərəfdaşlığın əsasının qarşılıqlı hörmət, inam və maraqların uzlaşması olduğunu bildirdi. O qeyd etdi ki, Çin Xalq Respublikası ilə əməkdaşlıq təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də beynəlxalq təşəbbüslər kontekstində genişlənməkdədir və xüsusilə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Azərbaycan mühüm tranzit və logistik mərkəzə çevrilib. Cənab Prezident vurğuladı ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, regiondakı sabitlik və ölkədə yaradılan müasir infrastruktur bu əməkdaşlığın dayanıqlı əsaslarını təşkil edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində görülən işlər Çin məhsullarının daha səmərəli və təhlükəsiz şəkildə Avropa bazarlarına çıxarılmasına xidmət edir və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş rolunu uğurla yerinə yetirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın tranzit ölkə kimi rolu gündən-günə artır və bu sahədə Çinlə əməkdaşlıq daha da genişlənə bilər. Müsahibədə enerji sektoru da diqqət mərkəzində olub və Prezident İlham Əliyev Azərbaycanın dünya enerji bazarında sabit və etibarlı təchizatçı kimi tanındığını qeyd edib. Çin ilə enerji əməkdaşlığı, o cümlədən yaşıl enerji sahəsində potensial layihələr, qarşılıqlı maraq doğurur və gələcəkdə bu istiqamətdə konkret addımların atılması gözlənilir. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətində şaxələndirmə və dayanıqlılıq prinsiplərinin əsas götürüldüyünü vurğulayaraq qeyd etdi ki, ölkənin xarici borcu ÜDM-in cəmi 10 faizindən azdır və bu da iqtisadi müstəqilliyin real göstəricisidir. Müsahibədə iqtisadi sahədə Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə də toxunulub və Prezident İlham Əliyev bu prosesi ehtiyatla qiymətləndirərək bildirib ki, Azərbaycan bu yolda yerli istehsalçılarının maraqlarını qorumaqla, tədrici və balanslaşdırılmış şəkildə hərəkət etməyə üstünlük verir. Eyni zamanda Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq bir çox qlobal ticarət və nəqliyyat platformalarının fəal iştirakçısıdır və Çinlə bu platformalarda koordinasiya imkanları mövcuddur. Mədəni-humanitar əməkdaşlıq da Prezident İlham Əliyevin diqqətində olub və o, Çində Azərbaycan dili və mədəniyyətinə artan marağı yüksək qiymətləndirib. Xüsusilə tələbə mübadiləsi, təhsil proqramları, mədəniyyət festivalları və turizm sahəsində görülən təşəbbüslər xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Çin arasında tarixən mövcud olan İpək Yolu əlaqələri bu gün müasir formada bərpa olunur və bu prosesdə mədəni diplomatiya xüsusi rol oynayır. Çində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, Konfutsi İnstitutları ilə əməkdaşlıq və birbaşa uçuşların təşkil edilməsi iki xalq arasında daha yaxın təmasların qurulmasına xidmət edir. Prezident İlham Əliyev həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki fəal mövqeyindən danışaraq qeyd etdi ki, ölkə daim beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmama prinsipinə sadiqdir. O bildirib ki, Azərbaycan regional sülh və əməkdaşlıq təşəbbüslərinə açıqdır və bu istiqamətdə həm region dövlətləri, həm də qlobal aktorlarla fəal əməkdaşlıq edir. Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsi isə bu prinsiplərə əsaslanan konstruktiv və çoxtərəfli siyasətin parlaq nümunəsidir.
Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi