Analitika

Azərbaycan – Türkiyə qardaşlığı nəinki Qafqaza, həmçinin bütün dünyaya örnəkdir

Azərbaycan – Türkiyə qardaşlığı nəinki Qafqaza, həmçinin bütün dünyaya örnəkdir. Bu qardaşlığın mühümlüyünü Prezident İlham Əliyev öz nitqlərində dəfələrlə qeyd etmişdir. Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib. Qürurverici, əlamətdar hadisə və böyük fəxrdir ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Osmanlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anlar xatırlanarkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır, Ulu Öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.”Azərbaycan Türkiyə ilə  birliyini nümayiş etdirməklə  dostları qürurlandırır, düşmənlərə  isə   göz dağı verərək vahimələndirir.  Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button