AnalitikaGündəmSiyasət

Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı daimdir

Azərbaycan, Türkiyə və Pakistan – bu üç ölkə coğrafi olaraq bir-birindən uzaq olsa da, tarix, mədəniyyət, din və ortaq dəyərlər baxımından bir-birinə çox yaxın, strateji müttəfiq və sarsılmaz qardaşlıq münasibətləri ilə birləşmiş dövlətlərdir. Bu birliyin əsası yalnız diplomatik əlaqələrə deyil, həm də xalqlar arasında mövcud olan mənəvi bağlılığa, ortaq tarixə və qarşılıqlı hörmətə əsaslanır.

Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuşdur. Türkiyə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuş, ölkənin çətin zamanlarında hər zaman onun yanında durmuşdur. Xüsusilə, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycan xalqı üçün unudulmaz oldu. Həm döyüş meydanında, həm diplomatik arenada göstərilən bu dəstək iki ölkə arasında münasibətlərin sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Pakistan isə Azərbaycanla münasibətlərində daim prinsipial mövqe sərgiləmişdir. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə qarşı Pakistanın sərt və ədalətli mövqeyi, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu dostluğun nümunəsidir. Eyni zamanda, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və bu illər ərzində diplomatik münasibətlər möhkəm təməl üzərində inkişaf etmişdir.

2021-ci ildə keçirilən Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası birgə iclası, 2022-ci ildə keçirilən üçtərəfli hərbi təlimlər və 2025-ci ildə Laçında keçirilən Müstəqillik Günü tədbirində üç ölkə liderlərinin bir araya gəlməsi bu birliyin daha da gücləndiyini göstərir. Bu, təkcə siyasi və hərbi sahədə deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə zəmin yaradır.

Azərbaycan-Türkiyə-Pakistan birliyi Cənubi Qafqazdan Cənubi Asiyaya qədər sülhün, sabitliyin və əməkdaşlığın təməlini qoyur. Bu ölkələr yalnız öz maraqlarını deyil, həm də ümumi islam dünyasının rifahı və təhlükəsizliyi üçün çalışırlar. Onların birliyi geosiyasi baxımdan mühüm bir güc balansı yaratmaqla yanaşı, digər dövlətlər üçün də nümunəvi model təqdim edir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı təkcə siyasi ittifaq deyil, həm də xalqların bir-birinə olan sevgisi, etibarı və dəstəyi ilə möhkəmlənən mənəvi bağdır. Bu birliyin gələcək illərdə daha da dərinləşəcəyi və regionun sabitliyinə, inkişafına böyük töhfələr verəcəyi şübhəsizdir.

Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button