Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır
Türkiyə Azərbaycanın hər bir işində yanında olan dövlətdir. 44 günlük vətən müharibəsində də Azərbaycan xalqı savaşın ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyə prezidenti demək olar ki, bir çox ermənipərəst dövlətləri Azərbaycanın haqq işinə müdaxilə etməkdən çəkindirdi. Türkiyə prezidentinin “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır”- deməsi bizim üçün siyasi və mənəvi dəstək idi. Bu kəlmələr xalq arasında, əsgərlər arasında ruh yüksəkliyi yaratdı və 30 il ərzində həll edilə bilinməyən məsələni Azərbaycan öz gücünə cəmi 44 günə həll etdi. Savaş meydanında işğalçı düşmənə qalib gələrək öz tarixi torpaqlarına sahib oldu. Odur ki, Azərbaycan prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana qardaş və siyasi müttəfiq olan Türkiyəyə səfər etdi . Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərində qalib gələndən sonra ilk dəfə Azərbaycana səfər etmişdir. Türkiyə Azərbaycan əlaqələri həmişə qardaşlıq əlaqələri olub. Lakin Türkiyənin İkinci Qarabağ savaşında Azərbaycana göstərdiyi dəstəkdən sonra bu dostluq-qardaşlıq münasibətləri daha da dərinləşdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin paytaxtı Ankarada rəsmi səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, ”Bu gün biz müstəqillik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər üzvünü gücləndirəcək. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü bu il iyul ayında keçiriləcək. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cumhuriyyətlərinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.” Prezidentlərin görüşündə dövlətlərarası ikitərəfli əlaqələrin bütün istiqamətləri demək olar ki, nəzərdən keçirilib, beynəlxalq məsələlər dəyərləndirilib. Bu gün Türkiyə dünya çapında söz sahibidir. Dünya çapında bir sıra məsələlər Türkiyənin mövqeyindən asılıdır. Odur ki, Türkiyə bizim bölgəmizdə əmin-amanlığın və sülhün qarantıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Qərar ləgv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik. Biz bir millət iki dövlətik deyib Ümummilli Liderimiz Heydər Əliyev. Atatürk isə Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir söyləyib. Eyni millət olan iki dövlətin münasibətləri getdikcə geniş vüsət alır. Hər iki dövlət zaman keçdikcə güclənir, yeni-yeni uğurlara imza atır. Hər il isə Azərbaycanda və Türkiyədə ordularımız 10-dan çox hərbi təlim keçirlər və beləliklə də bizim hərbi gücümüz daha da artır. İki qardaş ölkə arasında təhsillə də bağlı önəmli anlaşma imzalanmışdır. Türkiyə-Azərbaycan Universiteninin yaradılması isə birliyimizin növbəti rəmzinə çəvriləcək.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı