Azərbaycan-Slovakiya tərəfdaşlığı: siyasi iradədən praktik əməkdaşlığa

Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşü bir daha göstərdi ki, müasir beynəlxalq münasibətlərdə uğurlu tərəfdaşlığın əsasında qarşılıqlı etimad və siyasi iradə dayanır.
Son illərdə Azərbaycan və Slovakiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi təsadüfi deyil. Dövlət başçılarının müntəzəm görüşləri iki ölkənin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir.
2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib. Bu sənədin icrası çərçivəsində artıq müxtəlif sahələrdə konkret layihələr həyata keçirilir.
Xüsusilə Qarabağın bərpasında Slovakiyanın iştirakı əməkdaşlığın yeni istiqamətini formalaşdırır. Ağdam rayonunda Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi müasir texnologiyaların tətbiqi ilə yanaşı, azad edilmiş ərazilərin iqtisadi dirçəlişinə də mühüm töhfə verir.
Görüş zamanı energetika, ticarət, müdafiə sənayesi və investisiya əməkdaşlığı kimi istiqamətlərin müzakirə olunması onu göstərir ki, münasibətlər çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub.
Şuşada səsləndirilən bəyanatlar gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir. Qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişafının əsas dayaqları olaraq qalacaq. Bu baxımdan, Prezidentlərin Şuşa görüşü təkcə ikitərəfli münasibətlər üçün deyil, Azərbaycanın Avropa ilə əməkdaşlığının genişlənməsi baxımından da əlamətdar siyasi hadisə kimi tarixə düşəcək.
Elvin Muradov,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



