Azərbaycan-Slovakiya münasibətləri və Qarabağın dirçəlişində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərində Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə mətbuata verdiyi birgə bəyanat iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Görüşün Bakıda deyil, məhz işğaldan azad edilmiş Şuşada keçirilməsi Slovakiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi siyasi dəstəyin bariz ifadəsidir. Prezident İlham Əliyev bəyanatında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, Slovakiyanın postmünaqişə dövründə həyata keçirilən bərpa və quruculuq prosesində iştirakını xüsusi qeyd edib.
Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və ortaq maraqlar əsasında dinamik inkişaf edir. İki ölkə arasında əməkdaşlıq siyasi dialoqla yanaşı, iqtisadiyyat, energetika, sənaye, nəqliyyat, ticarət və digər sahələri də əhatə edir. Dövlət başçılarının müntəzəm görüşləri əməkdaşlığın daha da genişlənməsinə və strateji xarakter almasına mühüm töhfə verir. Avropa İttifaqının üzvü olan Slovakiya Azərbaycanın Avropa institutları ilə əlaqələrinin inkişafında da konstruktiv möveyi ilə seçilir.
Əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biri Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrdir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” (Smart Village) layihəsi bunun uğurlu nümunəsidir. Layihə çərçivəsində müasir rəqəmsal idarəetmə sistemləri, ekoloji cəhətdən təmiz texnologiyalar və yaşıl enerji infrastrukturu yaradılır. Slovakiyanın mühəndislik və şəhərsalma sahəsindəki təcrübəsi Qarabağda dayanıqlı inkişafın və müasir yaşayış məntəqələrinin formalaşmasına mühüm töhfə verir.
Şuşada keçirilən görüş və səsləndirilən bəyanatlar yalnız mövcud əməkdaşlığın nəticələrini əks etdirmir, eyni zamanda gələcək tərəfdaşlığın yeni istiqamətlərini də müəyyənləşdirir. Səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes forumu investisiya, sənaye, innovasiya və sahibkarlıq sahələrində yeni imkanların formalaşmasına zəmin yaradıb. Bu isə iqtisadi əlaqələrin daha da dərinləşəcəyini göstərir.
Əminliklə demək olar ki, Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə, Qarabağın bərpası prosesinə əlavə töhfələrin verilməsinə və strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm təkan olacaq.
Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı



