AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Bu səfər Azərbaycan–İtaliya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və uzun illərdir iki ölkə arasında iqtisadi əlaqələr uğurla inkişaf edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanın zəngin enerji resurslarının Avropaya çatdırılmasında İtaliya mühüm rol oynayır və bu istiqamətdə həyata keçirilən layihələr qarşılıqlı etimadın göstəricisidir. Dövlət başçısı vurğuladı ki, bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir.

Bəyanatda qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyi də xüsusi qeyd olundu. Sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və yaşıl enerji sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu bildirildi. Prezident İlham Əliyev Azərbaycanın əlverişli investisiya mühiti və artan iqtisadi potensialı barədə məlumat verərək İtaliya şirkətlərini ölkəmizdə daha fəal iştirak etməyə dəvət etdi.Ciorcia Meloni isə öz növbəsində Azərbaycanın İtaliya üçün etibarlı tərəfdaş olduğunu vurğuladı. O qeyd etdi ki, iki ölkə arasında münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır, həm də siyasi, mədəni və humanitar sahələri əhatə edir. Meloni Azərbaycanın regionda oynadığı mühüm rolu yüksək qiymətləndirərək ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu bildirdi.

Görüş zamanı regional və beynəlxalq məsələlər də müzakirə olundu. Prezident İlham Əliyev Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırdı. O, regionda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycanın konstruktiv təşəbbüslərlə çıxış etdiyini və bu istiqamətdə səylərini davam etdirdiyini qeyd etdi.Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin imzalanması da iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndiyini göstərir. Bu sənədlər iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə, Ciorcia Meloninin Azərbaycana səfəri və verilən bəyanatlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı etimad, siyasi dialoq və iqtisadi maraqlar bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Bu səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button