Azərbaycan – Qırğızıstan əlaqələri daha da inkişaf etməkdədir
Azərbaycan ortaq tariximiz və köklərimiz olan Qırğızıstan dövlətilə daima dostluq, qardaşlıq əlaqələri qurmaqdadır. Bu gün Qırğızıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlətdir. Dünya miqyasında hər iki ölkənin nüfuzu artmaqdadır. İstər iqtisadiyyat , istərsə də sosial sahədə yüksək inkişaf müşahidə edilməkdədir. Bu da hər iki ölkənin uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Aparılan siyasət dövlət və xalqın milli mənaefəyinə xidmət etməklə ölkələrin inkişafına böyük töhfə verməkdədir.
İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Sevindirici haldır ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Azərbaycan Qırğızıstan arasında münasibətlər möhkəmləndikcə, müttəfiqlik artdıqca qarşılıqlı fəaliyyət dərinləşir.
Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə inkişaf etdirir . Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Azərbaycan Qırğızıstan arasında imzalanmış sənədlər- ticarət, iqtisadi , nəqliyyat, humanitar, həmçinin kiçik və orta biznesin inkişafı sahəsində olduqca əlamətdardır. Ölkələrimizin belə vacib missiyanın da öhdəsindən layiqincə gəlməsi xalqlarımız arasında əlaqələri daha da gücləndirir.
Əminliklə demək olar ki , Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bundan sonra da Azərbaycan – Qırğızıstan ölkələri arasında əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq, iki xalq arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.