Azərbaycan müasir hüquqi dövlətdir

Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizin növbəti dəfə vacib regional və beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal tədbirə – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi etməsi bu gerçəkliyin bariz nümunəsidir. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Forum Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Tolerantlıq nümunəsi olan ölkəmizdə heç bir dini, milli, irqi ayrıseçkiliyin olmadığını hər kəs bilir. Dövlətimiz istəyir ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk.
Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etməsi bu kontekstdə böyük önəm daşıyır. Elə Forum iştirakçılarının səsləndirdiyi fikirlər də Azərbaycanın hərbi-strateji qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini birmənalı şəkildə təsdiqləyir. Biz bütün ölkələrlə qarşılıqlı maraqlar, qarşılıqlı hörmət əsasında qurulmuş ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafında maraqlıyıq.
Yolumuz çox çətin olub, biz müharibə də görmüşük, işğal da görmüşük.Buna baxmayaraq İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar.Bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi.Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb.
Azərbaycan bu gün dünyaya açıq ölkə kimi demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib, öz üzərinə götürdüyü öhdəlikləri tam, inamla və əzmlə yerinə yetirib. Bundan sonrakı illərdə də Azərbaycanda belə tədbirlər keçiriləcək və mən tam əminəm ki, hər bir belə tədbir böyük məna daşıyır.
Gülnar Qurbanova,
YAP Şuşa rayon təşkilatının 22 nömrəli ərazi partiya təşkilatının sədri



