Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Azərbaycan müstəqil ölkə kimi bir sıra beynəlxalq və regional təşkilatlara üzv olmuşdur ki, bu qurumlar arasında MDB-nin xüsusi yeri vardır. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Dövlətimizin başçısı görüşdə mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək. Tarixi əlaqələr, ortaq keçmişimiz – bütün bu amillər MDB məkanında dostluğun möhkəmlənməsinə və qarşılıqlı dəstəyə öz töhfəsini verəcək.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi