Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezident İlham Əliyev çıxışı zamanı mühüm mövzulara toxunub. Gəlin daha yaxından tanış olaq. İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq. Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Ümid edirəm ki, bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin – Olimpiya Stadionunun böyük rolu olmuşdu. Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır.
Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi.Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik – dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir. Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.
Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürəti inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur və gələcəkdə də tutacağından şübhə etmirəm.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı