AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatı: Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm. Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış etdi. Baş nazir İrakli Kobaxidzenin bəyanatı: Cənab Prezident, təşəkkür edirəm. Çox səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur. Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm. İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək. Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button