Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir
“Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır”.
Bunu “İcxeberinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb. Sözsüz ki, bu səfər münasibətlərimizin daha da inkişafına, xüsusi əhəmiyyət kəsb edən və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin dərinləşməsinə mühüm töhfələr verəcək. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.
O əlavə edib ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.