Analitika

Azərbaycan-Gürcüstan münasibətləri daha da genişlənir

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Humanitar əməkdaşlıq: İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”. Prezdent İlham Əleyev bildirib ki,  bildiyiniz kimi  bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button