Analitika

Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır

Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasından müəyyən vaxt keçsə də, onların arasında “buzlar ərimir”.
Ermənistanla Azərbaycan arasında İkinci Qarabağ müharibəsi az qala yarım ildir başa çatıb. Lakin ötən dövrdə Ermənistanda davam edən ictimai-siyasi etirazlar, Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin ləngiməsi, azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı yaranan problemlər Yerevanla Bakı arasında düşmənçiliyin, qarşılıqlı inamsızlığın aradan qaldırılmasına imkan vermir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi yenə də Ermənistana önəmli barışıq mesajları göndərir. Ümumi vəziyyət Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, Bakı Yerevan tərəfindən hər hansı təhdidlə qarşılaşarsa, öz milli maraqlarını qətiyyətlə qoruyacaq. Bu, Ermənistanda ciddi etirazlara səbəb olub. Çünki Əliyevin açıqlamaları Ermənistanın siyasi dairələri və mətbuatı tərəfindən qəsdən təhrif edilib. Azərbaycan isə öz növbəsində, bu cür çirkin iftiralara cavab olaraq nəinki erməni xalqında yaranmış xofdan sui-istifadə etmir, əksinə, yeni barışıq mesajları verir, gərginliyi azaltmağa çalışır. Bu da təəccüblü deyil. Bu gün Bakı Qarabağın yenidən qurulmasına, regionda sabitliyin bərqərar olmasına çalışır. O, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin açılması da daxil olmaqla, bu proseslər çərçivəsində Yerevanla münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır”.Beləliklə, bu gün Ermənistan tarixi dəyərə malik bir missiyanı yerinə yetirməyə dəvət olunur. Söhbət ürək sızladan müharibə dəhşətlərini keçmişdə qoyacaq addımların atılmasından gedir. İndi bütünlükdə bölgənin, orada yaşayan xalqların gələcəyi və rifahı, xüsusilə Azərbaycanla münaqişə səbəbindən ciddi sosial-iqtisadi problemlər yaşayan, əhalisinin sayı getdikcə azalan, eyni zamanda bütün regional layihələrdən kənarda qalmış Ermənistanın taleyi Yerevanın özündən asılıdır. Bundan başqa, Azərbaycan tərəfinin Ermənistan ərazisi ilə Zəngəzur dəhlizinin açılması tələbinin yerinə yetirilməsi də uzunmüddətli və daimi sabitliyin təməli ola bilər. Bu gün Ermənistan üçün Bakı ilə anlaşmanın alternativi yalnız özünütəcriddir. Çünki Rusiya-Ermənistan dəmir yolu xəttinin də Azərbaycan ərazilərindən keçməsi nəzərdə tutulur. Unutmaq olmaz ki, bu gün son dayanacağı Bakı olan bir sıra beynəlxalq dəhlizlərin inşası ilə ümumilikdə Avrasiyanın siması dəyişir.

Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button