AnalitikaGündəmSiyasət

Azərbaycan Çinlə əlaqələrin dərinləşdirilməsinə sadiqdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çinin aparıcı media qurumlarından biri olan Sinxua agentliyinə verdiyi müsahibə iki ölkə arasında möhkəmlənməkdə olan strateji əməkdaşlığın daha bir nümunəsi kimi dəyərləndirilə bilər. Müsahibədə Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında son illərdə sürətlə inkişaf edən münasibətlərə toxunaraq, bu əlaqələrin gələcək inkişaf perspektivlərini də xüsusi vurğulayıb.

2023-cü ilin 3 iyul tarixində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyinin göstəricisidir və sözsüz ki, tarixi əhəmiyyətə malikdir. Bəyannamə təkcə siyasi əlaqələrin deyil, iqtisadi, humanitar və texnoloji sahələrdə də əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verir.

Prezident Əliyev vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərində qarşılıqlı maraq doğuran bütün sahələr üzrə əməkdaşlığa böyük önəm verilir. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarına xidmət etmir, həm də regional sabitlik və inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Ölkə başçısı qeyd edib ki, bu gün Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Bu fakt tərəflər arasında iqtisadi münasibətlərin genişlənməsinin və dərinləşməsinin əyani sübutudur.

Prezident İlham Əliyev müsahibəsində diqqəti vacib bir məqama da yönəldib: iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın artan dinamikasına baxmayaraq, hələ də istifadə olunmamış böyük potensial mövcuddur. O, bu sahədə həyata keçirilə biləcək yeni layihələrin hər iki ölkənin iqtisadi maraqları baxımından əhəmiyyətini önə çəkib.

Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən şirkətlərin sayı da bu əməkdaşlığın konkret göstəricilərindəndir. Hazırda ölkəmizdə 375 Çin şirkəti qeydiyyatdan keçib və onlardan 298-i aktiv şəkildə fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində – energetika, nəqliyyat, infrastruktur və texnologiya kimi strateji sektorlarda fəal iştirak edir.

Prezident İlham Əliyevin bu müsahibəsi bir daha təsdiqləyir ki, Azərbaycan Çinlə əlaqələrin dərinləşdirilməsinə sadiqdir və bu münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı siyasi iradə və konkret iqtisadi maraqlar mövcuddur. Bu istiqamətdə atılacaq addımların hər iki ölkə üçün faydalı olacağı şübhəsizdir.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button