AnalitikaGündəmSiyasət

Azərbaycan Çin münasibətlərində yeni bir mərhələ açır

21 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının rəsmi xəbər agentliyi olan Sinxua agentliyinə verdiyi yazılı müsahibə, iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm bir hadisə kimi dəyərləndirilə bilər. Bu müsahibədə Prezident Əliyev, 2024-cü ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin Prezidenti Si Cinpin ilə imzalanan “Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyanat”ın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu sənədin Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdığını qeyd edib.

Bəyannamənin imzalanması ilk növbədə, iki ölkə arasında siyasi etimadın və qarşılıqlı hörmətin daha da dərinləşdiyini göstərir. Azərbaycanın müstəqil xarici siyasət kursu və Çinlə qarşılıqlı maraqlara əsaslanan münasibətləri, bu bəyannamənin hüquqi və siyasi əsasını təşkil edir. Tarixi hadisə kimi qiymətləndirilən bu sənəd, sadəcə siyasi niyyətlərin bəyanı deyil, eyni zamanda əməkdaşlığın konkret istiqamətlər üzrə inkişafına zəmin yaradan praktiki addımları da özündə əks etdirir.

İqtisadi sahədə Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır və bu göstərici hər iki tərəfin əməkdaşlıq potensialından daha geniş istifadə etməyə hazır olduğunu nümayiş etdirir. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi olan Transxəzər nəqliyyat dəhlizi Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirir. Prezident Əliyev müsahibəsində bu dəhlizin inkişaf etdirilməsinin təkcə iki ölkə üçün deyil, həm də regionun ümumi iqtisadi rifahı üçün vacib olduğunu xüsusi qeyd edib.

Mədəniyyət və təhsil sahələrində də əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Çin universitetlərində azərbaycanlı tələbələrin təhsil alması, Çin mədəniyyət mərkəzlərinin Azərbaycanda fəaliyyət göstərməsi və qarşılıqlı akademik layihələrin təşviqi, xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir.

“Strateji Tərəfdaşlığın Qurulması Haqqında Birgə Bəyanat” Azərbaycan və Çin arasında münasibətlərin sadəcə iki dövlət arasında deyil, iki sivilizasiya və mədəniyyət arasında körpü rolunu oynayacaq şəkildə inkişafına xidmət edir. Bu tarixi sənəd gələcəkdə ticarət, energetika, nəqliyyat, turizm və digər sahələrdə daha dərin və sistemli əməkdaşlıq üçün əsas olacaq. Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasəti kontekstində bu bəyannamə, qlobal güclərlə balanslaşdırılmış münasibətlər qurmaq strategiyasının uğurlu nümunəsidir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button