Müasir dövrdə mədəniyyətlər sürətlə dəyişir və daha da şaxələnir. Bu dəyişiklik və şəxələnmə prosesinin cəmiyyətlər üzərində böyük təsirləri olur. Mədəni müxtəliflik cəmiyyətin ən önəmli elementidir, çünki tarix boyu mədəni müxtəlifliklərin yaranmasına bir sıra amillər səbəb olub. Sərhədlərarası köç, qloballaşmanın mədəniyyətlər üzərindəki təsirləri, milli azlıqların məskunlaşdığı ərazilərdə mədəni kimlik iddiaları, regionlararası artan asılılıq və informasiya-kommunikasiyanın daha da təkmilləşərək beynəxalq miqyaslı sürətlə yayılması bu səbəblərdən sadəcə bir neçəsidir. Dünyanın bütün regionlarında demək olar ki, multikultural cəmiyyətlər formalaşıb və hər bir toplum öz hüquqlarını və mövcudluğunu qorumaq üçün mədəniyyətlərarası dialoqda iştirak edir.
Mədəni müxtəliflik həm də düzgün idarə olunma tələb edən siyasi, iqtisadi və sosial amildir. Çünki günümüzdə mövcud olan mədəni müxtəliflik özü ilə birgə siyasi, iqtisadi və sosial problemlərə də səbəb olur. Mədəni fərqliliklər zaman-zaman qorxu və toqquşmalara səbəb olur. Stereotiplərin mövcudluğu, rasizm, ksenefobiya, diskriminasiya və şiddət sülhə ən böyük təhdidlərdir və yerli-qlobal cəmiyyətlərin sülh dəyərlərini tamamilə alt-üst edə bilmək potensialına sahibdir. Bu amillər məqsədindən asılı olmayaraq mədəniyyətlərarası toqquşlamalara səbəb ola bilər.
Azərbaycanda hansısa xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilmir və onların dini inancları, siyasi və mədəni hüquqları yüksək səviyyədə qorunur. Azərbaycanın göstərdiyi bu diqqətə görə nüfuzlu beynəlxalq qurumlar Azərbaycanı tolerantlığa nümunə adlandırırlar. Ölkəmizdə 90-a yaxın milli və etnik azlıq nümayəndəsi yaşayır. Onların mədəni siyasətdə iştirakı üçün 380-dan çox müxtəlif dini icma fəaliyyət göstərir ki, onlarında 31-i qeyri-islami dini icmalardır. Azərbaycanda bütün millətlərdən olan nümayəndələr üçün müxtəlif dinlərin ibadətlərinin icrasına üçün məkanlar vardır və onlar sərbəst fəaliyyət göstərirlər. Ayrı-ayrı dinlərə və xalqlara məxsus tarixi abidələr, mədəniyyətlər qorunub saxlanılır. Hətta bu gün Azərbaycanda torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq insanımızın öz doğma yurd-yuvasından didərgin düşməsinə bais olan, düşmənçilik aparan bir xalqın – ermənilərin 30 minə yaxın nümayəndəsi yaşayır və onlara qarşı heç bir ayrı-seçkilik edilmir. Bakıdakı erməni kilsəsi və onun kitabxanası olduğu kimi saxlanılır. Halbuki ermənilər Ermənistanda və işğal etdikləri digər ərazilərdə Azərbaycana, xalqımıza məxsus bütün tarixi və mədəni sərvətləri talan edib, ibadət yerlərini, məscidləri dağıdıblar. Milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün ölkəmizdə hüquqi baza yaradılıb, respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Milli azlıqların məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai birliklər fəaliyyət göstərir. Bundan başqa etnik icmaların dilində bir sıra qəzet və jurnallar nəşr olunur, teleradio kanalları fəaliyyət göstərir.
Son illərdə mədəniyyətlərarası dialoqun təşviqi və inkişafında Azərbaycan əhəmiyyətli rol oynayır. Bu çərçivədə müxtəlif konfranslar təşkil olunmuş, onlarla məqalə və elmi iş yazılaraq mədəniyyətlərarası dialoqa töhfələr verilmişdir. Bu ənənənin əsası 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” fərmanla qoyuldu. Həmin ildə bu fərmanla Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 1-ci forumun əsas məqsədi mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi idi. Həmçinin, bu sənəd forumun 2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilməsini və müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında dialoq və etimadın möhkəmləndirilməsini əsas məqsəd kimi özündə ehtiva edirdi. Bu gün millətlərin birgəyaşayış fəlsəfəsi müasir proseslərdə önəmli rol oynayır.
Əyyub Əliyev,
YAP-ın fəalı