Azərbaycan-Belarus münasibətlərinin inkişafı

Azərbaycan hələ SSRİ hakimiyyəti zamanından da bir çox ölkələrlə əməkdaşlıq edib. Bu siyahıda olan ölkələrdən biri də Belarusdur. Hər iki ölkə Sovet hakimiyyəti illərində müttəfiq respublika olublar. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Belə isti münasibətlərin formalaşması və inkişafı Prezident İlham Əliyevlə, Prezident Aleksandr Lukaşenko arasındakı səmimi dostluq münasibətlərinə, yüksək səviyyəli dialoqa və qarşılıqlı anlaşmaya əsaslanır.
Mayın 16-da Prezident Lukaşenkonun Azərbaycan səfəri çərçivəsində keçirilən görüşlərdə ölkəmizin başçısı qeyd edib ki, hər iki ölkə arasındakı qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək dəyərləndiririk. Aleksandr Lukaşenko isə bildirib ki, Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var: “ İlham Heydər oğlu, çox sağ olun. Həqiqətən bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük.Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, problemlər, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, – onların bəziləri şəhərdə anadan olub, – lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”.
Belarus Prezidenti səfər çərçivəsində işğaldan azad olunmuş rayonlarda, xüsusilə Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etdi. O, burada həyata keçirilən tikiniti- quruculuq işlərində səmimi olaraq öz yardımlarını təklif etməklə iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində görüləcək işlərinin genişlənəcəyinə zəmanət vermiş oldu.Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət kursunda Belarus ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Belarus da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə,Belarus-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



