Azərbaycan bayrağı Xankəndinin mərkəzində dalğalanır
Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. Baxanda görürük ki, regionlarımız bu 20 ildə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb, rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə işğalçılardan azad edən Prezident İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq
Prezident İlham Əliyevin vaxtilə də bölgənin erməni əhalisinə qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildirməsi, bunun təsdiqi üçün gətirdiyi misallar kifayət qədər dolğundur. Əslində, ölkəmizin liderinin söylədiklərinə Ermənistan rəhbərliyi, dünya ermənipərəstləri də diqqət yetirməlidirlər. Nəinki diqqət yetirməli, eyni zamanda, nəticə çıxarmalıdırlar. Azərbaycana qarşı əks mövqe tutmaqla, düşmənçiliklə nəyi, hansı yaşam üstünlüyünü əldən verdiklərinin fərqinə varmalıdırlar.
İstər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iqtisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbirlərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirincə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. Dövlət başçımız oktyabrın 15-də işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam.
Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, hər kəsə, erməni avantürizminin hər bir nümayəndəsinə görk olur. Bu böyük görk olayının müəllifi İlham Əliyevdir. Onun Prezident kimi fəaliyyətinin 20 illiyinin sayəsində xalqımız ötən müddətdə çəkdiyi məhrumiyyətlərin mükafatını görməkdədir. Bu gün Azərbaycanın bütün yaşayış məntəqəllərində, dövlət müəssisələrində, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azərbaycan Bayrağı dalğalanır.
Rzayeva Səba,
YAP-ın gənc fəalı