AnalitikaDünyaGündəmSiyasət
Trend

Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni geosiyasi mərhələ…

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı inkişaf trayektoriyasını qiymətləndirmək baxımından mühüm siyasi sənəd xarakteri daşıyır. Bəyanat təkcə ikitərəfli əməkdaşlığın cari vəziyyətini deyil, həm də tərəflərin gələcək strateji prioritetlərini, regional təhlükəsizlik məsələlərinə baxışını, enerji siyasətini və iqtisadi inteqrasiyanın perspektivlərini əks etdirir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, diqqəti cəlb edən əsas məqam münasibətlərin əvvəlki dövrlərdən fərqli olaraq artıq yalnız enerji əməkdaşlığı üzərində qurulmaması, daha geniş siyasi, iqtisadi və geostrateji məzmun qazanmasıdır. Bu isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərən mühüm indikator kimi qiymətləndirilə bilər: “Prezident İlham Əliyevin bəyanatında Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu xüsusi vurğulanır. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi iqtisadi münasibətlərin dərinliyini nümayiş etdirir. Digər tərəfdən, Cənubi Qafqaz regionunda Avropa İttifaqı ilə həyata keçirilən ticarətin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkənin regional iqtisadi çəkisini göstərən mühüm göstəricidir. Bu rəqəmlər isə iki mühüm nəticəyə gəlməyə imkan verir. Birincisi, Azərbaycan Avropa İttifaqı üçün yalnız enerji resurslarının təchizatçısı deyil, bütövlükdə region üzrə ən iri iqtisadi tərəfdaşlardan biridir. İkincisi, iqtisadi əməkdaşlığın miqyası tərəflər arasında siyasi münasibətlərin davamlılığını təmin edən əsas amillərdən birinə çevrilir. Beynəlxalq təcrübə göstərir ki, qarşılıqlı iqtisadi asılılığın yüksək olduğu münasibətlərdə siyasi dialoq da daha dayanıqlı xarakter daşıyır”.

Ramil Vəlibəyov qeyd edib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz elementidir və bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində formalaşmış enerji təhlükəsizliyi konsepsiyası ilə üst-üstə düşür: “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda qaz ixracının yarısı Avropa İttifaqına yönəldilir və artıq on üzv dövlət Azərbaycan təbii qazını idxal edir. Bu göstəricilər enerji əməkdaşlığının siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret iqtisadi nəticələr verdiyini nümayiş etdirir. Eyni zamanda Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizini 3500 kilometrlik vahid boru kəməri sistemi kimi təqdim etməsi layihənin yalnız iqtisadi deyil, geosiyasi mahiyyətini də ön plana çıxarır. İnfrastrukturun yaradılması üçün uzun illər ərzində həyata keçirilən diplomatik fəaliyyət, maliyyə investisiyaları və siyasi koordinasiya Azərbaycanın enerji diplomatiyasının sistemli xarakter daşıdığını göstərir. Heç şübhəsiz ki, yaşıl enerji əməkdaşlığı yeni strateji gündəmin əsas istiqamətidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində səkkiz giqavat həcmində günəş və külək enerjisi istehsalına imkan verəcək. Bunun yalnız hazırkı müqavilələr əsasında mümkün olacağı, gələcəkdə daha böyük layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğu bildirilir. Bu yanaşma onu göstərir ki, Azərbaycan enerji siyasətini yalnız karbohidrogen ixracı üzərində qurmaq niyyətində deyil. Əksinə, mövcud enerji potensialı ilə yanaşı, bərpaolunan enerji resurslarının da beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilməsi planlaşdırılır. Bu istiqamət həm də Avropa İttifaqının enerji keçidi və yaşıl iqtisadiyyat prioritetləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir”.

“Avropa Komissiyası Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın gücləndirilməsində iştirak etmək niyyətini ifadə etməsi xüsusi diqqət çəkir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev Avropa Komissiyasının mümkün dəstəyini yüksək qiymətləndirdiyini bildirir və regionun ərazi iddialarından uzaq, əməkdaşlıq və tərəfdaşlıq məkanına çevrilməsinin vacibliyini vurğulayır:  “Bu yanaşma onu göstərir ki, Azərbaycan regional təhlükəsizlik modelini beynəlxalq tərəfdaşlarla iqtisadi və siyasi əməkdaşlıq çərçivəsində inkişaf etdirməyə çalışır”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə daxil olub: “Bu mərhələni xarakterizə edən əsas xüsusiyyətlər yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi, enerji əməkdaşlığının dərinləşməsi, yaşıl enerji sahəsində yeni tərəfdaşlıq imkanlarının formalaşması, nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi və regional təhlükəsizlik məsələlərinin iqtisadi inteqrasiya ilə paralel şəkildə inkişaf etdirilməsidir. Azərbaycanı Avropa İttifaqı üçün yalnız enerji təchizatçısı kimi deyil, regional sabitliyin, beynəlxalq nəqliyyat əlaqələrinin və iqtisadi inteqrasiyanın mühüm iştirakçısı kimi təqdim edir. Bununla yanaşı, ifadə olunan mövqelər tərəflərin münasibətlərinin çoxşaxəli strateji əməkdaşlıq modelinə transformasiya olunduğunu nümayiş etdirir. Bir sözlə, Bakı görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni siyasi dinamikanın formalaşdığını göstərən mühüm mərhələ kimi qiymətləndirilə bilər”.

Oxşar Xəbərlər

Back to top button