Avropa üçün etibarlı tərəfdaş

Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir.Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər daha bir Avropa ölkəsi ilə əlaqələrimizin inkişafının göstəricisidir. Ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin yüksək səviyyəsini əyani təsdiq edir. Bununla yanaşı Slovakiya Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu həmişə yüksək qiymətləndirir.Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər. Dövlət başçısının dediyi kimi, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan irimiqyaslı, qlobal layihələrdə iştirak edir. Fakt odur ki, Azərbaycanın qlobal təşəbbüsləri və təklifləri ölkəmizə təkcə iqtisadi deyil, həm də geosiyasi dividentlər qazandırır.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



