«Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı ilə uğurlarımızın əsasında dayanan birliyimizdən, həmrəyliyimizdən böyük qürur hissi keçirdiyini ifadə edir. Cənab İlham Əliyev çıxışlarında bu reallıqlara da diqqəti yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç ildə bunu sülh yolu ilə həll etmək istəyirdik. Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracağını düşündük. Bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi.
Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Bununla bağlı dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edildi ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da ki, güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim çökdü, ağ bayraq qaldırdı, təslim oldu, torpaqlarımızdan əbədi olaraq çıxarıldı və tarixin zibilxanasına atıldı. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və bu bəla torpağımızda bir daha baş qaldıra bilməz.
Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin təqdimatıdır. Çünki ermənilər Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan etsələr də bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Reallıq budur ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayaraq burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəal