Analitika

“28 May Müstəqillik tariximiz” olmaqla, hər bir soydaşımız üçün milli iftixarla dolu əziz bir gündür

1918-ci il mayın 28-də – Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini elan edərək istiqlaliyyət uğrunda mübarizə tarixinə parlaq və şanlı səhifə yazmışdır. Xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində öz ərazisində tam dövlət hakimiyyətinə malik olmaqla müstəqil xarici və daxili siyasət yeritmiş, dövlətə xas olan təsisatlar,parlament, hökumət, ordu, maliyyə sistemi yaratmış, xalqımızın tarixində böyük iz qoyan tədirlər həyata keçirmişdir.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Artıq Azərbaycan Qafqazın lider ölkəsinə çevrilib və özünün beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirir. Dünyanın başlıca dövlətləri olan ABŞ, Rusiya, Fransa ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ən başlıcası isə müstəqilliyimiz əbədi, sarsılmaz xarakter alıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir güclü ordusu var. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button