27 sentyabrla başlayan yol
Torpaqlarımızı 30 il işğalda saxlayan Ermənistanın ölkəmizə qarşı olan işğalçılıq və təcavüzkarlıq siyasəti daha uzun müddəti əhatə edir. Zamanla xalqımıza qarşı terror aktları törədən, düşmənçilik mövqeyindən əl çəkməyən Ermənistanın bu cəhdləri 2020-ci ildə yenidən daha intensiv xarakter almışdı. Ermənistan silahlı birləşmələri növbəti dəfə 27 sentyabr 2020-ci ildə genişmiqyaslı təxribatlara cəhd edərkən Azərbaycan Ordusu əks hücum əməliyyatlarına qərar verdi. Bu onun göstəricisi idi ki, 30 il torpaqları işğalda qalan Azərbaycan xalqı və dövləti işğalla barışmayıb. Bu müddət ərzində ölkədə həyata keçirilmiş davamlı ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu gücələnərək dünyanın ən müasir ordularından birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətli ordu olduğunu bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Lakin Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən düşmən ordusunun hərbi-siyasi rəhbərliyi həmin vaxt da müharibə cinayətləri törətməklə Ermənistanın terrorçu ölkə olduğunu sübut etmişdir. Bu gün Azərbaycanda şəhid ailələri, müharibə qaziləri və iştirakçıları dövlətimizin ən yüksək səviyyədə diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, qazilərimizin reabilitasiyası və normal həyata qaytarılmaları istiqamətində görülən işlər sübut edir ki, dövlət hər zaman öz əsgərini yüksək qiymətləndirir. Azərbaycan xalqı, Azərbaycan dövləti mübariz oğul və qızlarının şücaətini təqdir edir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsi ilə həm də Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunur. O da qeyd edilməlidir ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Zəfərimizin əbədiləşdirilməsi məsələsinə və müharibə iştirakçılara göstərilən dövlət diqqətinin növbəti təcəssümüdür. Artıq Vətən müharibəsinin başlamasının üçüncü il dönümü ərəfəsindəyik. Bu üç il ərzində çox böyük işlər görmüşük. Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atıb – dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın həmin torpaqlara hər bir səfərləri fövqəladə məmnunluq, sonsuz qürur və iftixar, milli özünəinam hissi yaratmaqla yanaşı, Zəfər yürüşünün addım-addım və fasiləsiz davam etdiyini göstərir. Böyük Qayıdış 30 il ərzində torpaqları işğal altında olan dövlətin vətəndaşlarının, soydaşlarımızın, bütövlükdə, Azərbaycan xalqının ən böyük arzularından idi və bu gün biz buna nail oluruq. Tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsi sülh müqaviləsinin imzalanmasını bir tələbə çevirir. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri tam və zamanında yerinə yetirir. Təəssüflər olsun ki, eyni fikri bu Bəyanatın digər tərəfi – Ermənistan haqqında söyləmək olmaz. Rəsmi İrəvan istər Rusiyada, istər Avropanın siyasi paytaxtında – Brüsseldə, istərsə də Praqada keçirilmiş üçtərəfli görüşlərdən sonra mütəmadi olaraq hərbi təxribatlara əl atır, sülhyaratma prosesini pozmağa çalışır. Ermənistanın siyasi sabotajları və hərbi təxribatları, əslində, sülh gündəliyinə “atəş açmaq”, üçtərəfli Bəyanatı, beynəlxalq hüquq normalarını heçə saymaqdır. Həmçinin ərazilərimizdə basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın bu gün də hərbi cinayətlər törətdiyini sübut edir. Basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün ciddi təhlükə törədir. Əslində hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Buna görə də dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin, genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Lokal antiterror tədbirləri zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək ağ bayraq qaldırıb təslim oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı – ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Bu, həm də onu bir daha sübut etdi ki, Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribat törədəcəyi təqdirdə onun dövlət kimi mövcudluğu sual altına düşəcək. Çünki, onların qarşısında Cənubi Qafqazın ən güclü ordusu dayanır. Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bütün şərtləri diktə edən qalib Azərbaycanın konstruktiv siyasəti, strateji əhəmiyyətli təklif və təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmişdir. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı