AnalitikaGündəm

20 Yanvar faciəsi Azərbaycan tarixində ən qanlı və dramatik hadisələrdən biri olaraq yaddaşlarda qalır

20 Yanvar faciəsi yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünyada azadlıq və müstəqillik uğrunda mübarizənin təcəssümü oldu. Bu hadisə, Sovet İttifaqının sönməkdə olan hökmranlığını və Azərbaycanın müstəqil bir dövlət olaraq öz yerini tutma istəyini nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. 20 Yanvar  faciəsi Azərbaycan tarixində ən qanlı və dramatik hadisələrdən biri olaraq yaddaşlarda qalır.

1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib.

Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki 2020-ci ildə Ulu öndərimizin məkrli siyasətinin davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevinin rəhbərliyi ilə rəşadətli, qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdırlar. İndi bu torpaqlarımızda həyat yenidən canlanmağa başlayır.Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur hissi ilə qeyd edir. Hər il olduğu kimi, 20 Yanvar şəhidlərinin xatirəsi bu gün də, sabah  da yaşadılacaq, həmçinin Azərbaycanın müstəqil dövlət olaraq yerini möhkəmlətmək üçün apardığı mübarizənin nə qədər dəyərli olduğu xatırlanacaqdır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button