Analitika

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyətə malikdir

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində ulu öndər tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ulu öndər Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button