AnalitikaGündəmSiyasət

Konstitusiya Günü – dövlətçilik tariximizin əlamətdar günü

Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü kimi dövlətçilik tariximizdə xüsusi yer tutur. 1995-ci ilin həmin günündə ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu hadisə ölkənin hüquqi sisteminin formalaşması və müstəqil dövlət quruculuğunun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Konstitusiyanın qəbul edilməsi müstəqilliyin ilk illərində dövlətin qarşısında duran əsas vəzifələrdən birinə cavab verdi. Ölkənin siyasi, iqtisadi və ictimai həyatında baş verən dəyişikliklər yeni hüquqi sistemin yaradılmasını zəruri edirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun bu zərurəti qarşılayan fundamental sənədə çevrildi.

Referendumda xalqın iradəsinin ifadə olunması Konstitusiyanın legitimliyini və ümumxalq xarakterini təmin etdi. Sənəd 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Həmin tarixdən etibarən müstəqil Azərbaycanın bütün hüquqi və institusional inkişafı Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında həyata keçirilməyə başladı.

Konstitusiya Günü yalnız tarixi hadisənin xatırlanması deyil, həm də hüquqi maarifləndirmə və dövlətçilik düşüncəsinin gücləndirilməsi üçün mühüm fürsətdir. Bu gün vətəndaşların Əsas Qanunun mahiyyətini, hüquq və vəzifələrini daha dərindən öyrənməsi xüsusi əhəmiyyət daşıyır.

Bu əlamətdar gün müstəqilliyimizin, suverenliyimizin və milli iradəmizin hüquqi təntənəsini ifadə edir. Azərbaycanın tarixi Zəfərindən sonra Konstitusiya Günü daha böyük qürur və məsuliyyət hissi ilə qeyd olunur. Əsas Qanuna sədaqət dövlətçiliyimizin gələcəyinə sədaqətdir.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button