AnalitikaGündəmSiyasət

 Konstitusiya və seçki hüququ: xalq hakimiyyətinin hüquqi təminatı

Demokratik dövlətin əsas xüsusiyyətlərindən biri hakimiyyətin xalqın iradəsi əsasında formalaşmasıdır. Seçki hüququ vətəndaşların siyasi proseslərdə iştirakının, dövlət idarəçiliyinə münasibət bildirməsinin və ölkənin gələcəyinin müəyyənləşdirilməsində söz sahibi olmasının əsas vasitəsidir. Azərbaycan Respublikasının Konstitusiyası xalq hakimiyyəti prinsipini təsbit etməklə seçki hüququnun fundamental hüquqi əsaslarını müəyyənləşdirib.

1995-ci ildə qəbul edilən Konstitusiyada dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edilib. Bu müddəa demokratik idarəçiliyin əsasını təşkil edir və dövlət orqanlarının xalqın iradəsinə əsaslanmasını nəzərdə tutur. Vətəndaşların seçmək və seçilmək hüququ, referendumlarda iştirak imkanları siyasi iştirakçılığın hüquqi təminatları kimi müəyyənləşdirilib.

Konstitusiyanın qəbul edildiyi 1995-ci il noyabrın 12-də Milli Məclisə ilk dəfə çoxpartiyalı sistem əsasında seçkilərin keçirilməsi Azərbaycanın siyasi tarixində mühüm hadisə idi. Bu proses müstəqillik dövründə parlament institutunun formalaşması və siyasi plüralizmin inkişafı baxımından yeni mərhələ yaratdı. Seçki sisteminin hüquqi əsaslarının müəyyənləşdirilməsi ölkədə demokratik institutların inkişafına zəmin hazırladı.

Sonrakı illərdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının fəaliyyətinin hüquqi tənzimlənməsi və seçki prosesinin təşkilati mexanizmlərinin yenilənməsi istiqamətində addımlar atılıb. Seçkilərin keçirilməsi demokratik idarəçilik sisteminin mühüm elementlərindən biri kimi dövlətin siyasi həyatında öz əhəmiyyətini qoruyur. Vətəndaşların seçki hüququndan sərbəst və məlumatlı şəkildə istifadə etməsi siyasi mədəniyyətin inkişafına da xidmət edir.

Seçki hüququnun təmin edilməsi yalnız səsvermə prosesinin təşkili ilə məhdudlaşmır. Bunun üçün vətəndaşların siyasi maarifləndirilməsi, qanunvericiliyin aydınlığı, seçki prosesinin şəffaflığı və hüquqi mübahisələrin qanun çərçivəsində həlli vacibdir. Konstitusiyanın xalq hakimiyyəti prinsipi dövlətlə cəmiyyət arasında siyasi məsuliyyət və qarşılıqlı etimad münasibətlərinin əsasını təşkil edir.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button