8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, birliyimizin və dövlətçilik iradəmizin təcəssümünə çevrilmiş möhtəşəm bir tarixdir. Bu gün xalqımızın illərlə yaşadığı torpaq həsrətinin sona çatdığı, ərazi bütövlüyümüzün bərpası yolunda tarixi Qələbənin əldə olunduğu gündür.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyini, ordumuzun döyüş qüdrətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək tariximizin yeni və şanlı səhifəsini yazdı.
Vətən müharibəsinin ən mühüm hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı müharibənin gedişində həlledici əhəmiyyət daşıdı. Bu tarixi hadisə xalqımızın qələbə əzmini daha da gücləndirdi və Zəfərimizin müjdəçisinə çevrildi.
Zəfər yalnız hərbi uğur deyil, həm də xalqın birliyinin, milli ruhunun və Vətən sevgisinin təntənəsidir. Müharibə dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz dövlətinin və ordusunun ətrafında sıx səfərbər oldu. Ön və arxa cəbhənin birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı bu Qələbənin əsasını təşkil etdi.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurdlarına qayıdan ailələr, yenidən qurulan şəhər və kəndlər, bərpa edilən tarixi və mədəni abidələr Böyük Qayıdışın real nəticələridir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan quruculuq işləri ölkəmizin gələcək inkişafına mühüm töhfə verir.
Zəfər Günü həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına hörmət günüdür. Bu Qələbə Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın əbədiyaşar xatirəsi ilə yaşayır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir.
8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlıya qürur və iftixar hissi yaşadan, milli birliyimizi möhkəmləndirən müqəddəs tarixdir. Bu gün biz bir daha əminliklə bildiririk ki, Azərbaycan xalqı öz tarixinə, dövlətinə və milli dəyərlərinə sahib çıxan qalib xalqdır.
Zəfərin mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



