
Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında qəhrəmanlıq, qürur və tarixi ədalətin bərpası rəmzi kimi yaşayır. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. Bu tarixi hadisə illərlə doğma yurd həsrəti ilə yaşayan zəngilanlıların qəlbində böyük sevinc və ümid yaratdı.
Zəngilanın azad olunmasında Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi mühüm rol oynadı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksəldildi, ölkənin müdafiə potensialı gücləndirildi. Vətən müharibəsində əldə olunan uğurlar uzun illər ərzində aparılmış məqsədyönlü siyasətin nəticəsi idi.
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi xəbərini xalqa çatdıraraq “Zəngilan bizimdir! Qarabağ bizimdir!” bəyanatını səsləndirdi. Bu sözlər xalqımızın milli iradəsini, qələbəyə inamını və doğma torpaqlara bağlılığını ifadə etdi. Həmin gün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı.
Bu gün Zəngilanda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış binaları, yollar, sosial obyektlər və mühüm infrastruktur layihələri şəhərin gələcək inkişafına xidmət edir. Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi və Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyəti azad edilmiş ərazilərdə yeni həyatın qurulduğunu göstərir.
Zəngilan Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın gücünün, birliyinin və gələcəyə inamının təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə bu gün bərpa və inkişaf mərhələsində davam etdirilir. Zəngilanın dirçəlişi dövlətimizin öz torpaqlarında dayanıqlı həyat qurmaq əzminin parlaq nümunəsidir.
Elxan İskəndərov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini



