AnalitikaGündəmSiyasət

Davamlı İqtisadiyyat və Güclü Sənaye: Azərbaycanın 2027–2030-cu İllər üzrə Yeni Hədəfləri

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə Azərbaycanın iqtisadi siyasətində yeni strateji mərhələnin konturlarını müəyyənləşdirdi.

2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədlərindən biri Azərbaycanın mineral xammal potensialından daha səmərəli istifadə etməklə qeyri-neft sənayesinin gücləndirilməsi, yeni istehsal zəncirlərinin yaradılması və ölkənin ixrac imkanlarının genişləndirilməsidir. Proqram üzrə 5,3 milyard manat həcmində investisiya ehtiyacı nəzərdə tutulur və sektorun əlavə dəyərinin, eləcə də illik ixrac potensialının əhəmiyyətli dərəcədə artırılması hədəflənir.

Bu siyasətin mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan öz təbii sərvətlərini yalnız hasil edən ölkə kimi deyil, onları emal edən, əlavə dəyər yaradan və hazır məhsul istehsalını genişləndirən sənaye dövləti kimi inkişaf etdirmək istiqamətində addımlar atır. Dəmir filizi, qızıl, mis, sink, qurğuşun və digər resursların iqtisadi dövriyyəyə daha geniş cəlb olunması yeni sənaye imkanları yaradır.

“Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” kimi layihələrin inkişaf etdirilməsi, metallurgiya və emal güclərinin yaradılması Azərbaycanın sənaye xəritəsinin genişlənməsinə xidmət edəcək. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas xəttlərindən biri milli iqtisadiyyatın dayanıqlılığının artırılması və qeyri-neft sektorunun inkişafıdır. Dağ-mədən və metallurgiya sənayesinə dair yeni Dövlət Proqramı da bu siyasətin konkret və uzunmüddətli istiqamətlərindən biridir.

Güclü dövlət yalnız sərvətlərinin zənginliyi ilə deyil, həmin sərvətləri xalqın rifahına, sənaye gücünə və davamlı iqtisadi inkişafa çevirə bilmək imkanları ilə ölçülür. Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi sənaye hədəfləri məhz bu yanaşmanı əks etdirir.

Dövlət Proqramı Prezidentin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilib.

Səbinə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button