AnalitikaGündəmSiyasət

2027–2030-cu illər Dövlət Proqramı sənaye siyasətində yeni mərhələ yaradır

Azərbaycanın son iki onillikdə həyata keçirdiyi iqtisadi siyasətdə infrastrukturun yaradılması, regional inkişaf və qeyri-neft sektorunun genişləndirilməsi mühüm yer tutub. Enerji, nəqliyyat, su, sosial və sənaye infrastrukturu üzrə həyata keçirilən layihələr ölkənin iqtisadi imkanlarını genişləndirib. Yeni mərhələdə isə bu imkanların üzərində daha çox əlavə dəyər yaradan sənaye sahələrinin inkişaf etdirilməsi əsas məsələlərdən birinə çevrilir. 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu baxımdan strateji əhəmiyyət daşıyan sənədlərdən biridir.

Proqramın diqqət çəkən xüsusiyyətlərindən biri konkret zaman çərçivəsinə və istiqamətlərə malik olmasıdır. Dörd il ərzində mövcud yataqların istismara hazırlanması, yeni geoloji kəşfiyyat işlərinin aparılması, zənginləşdirmə və emal müəssisələrinin yaradılması, metallurgiya sahəsinin genişləndirilməsi və sənaye infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulur. Bu tədbirlərin bir-biri ilə əlaqələndirilməsi dağ-mədən sənayesində vahid istehsal zəncirinin formalaşmasına şərait yarada bilər.

Proqramın iqtisadi nəticələri ilə yanaşı, sosial və regional nəticələri də əhəmiyyətlidir. Beş mindən çox yeni daimi iş yerinin yaradılması, Qarabağ və Şərqi Zəngəzurda sənaye fəaliyyətinin genişlənməsi, regionların iqtisadi potensialının artırılması qarşıya qoyulan əsas nəticələr sırasındadır. Yeni müəssisələrin fəaliyyəti dövlət büdcəsinə əlavə vergi daxilolmalarının, ixrac imkanlarının və yerli istehsalın artmasına da səbəb ola bilər.

2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının əsas ideyalarından biri Azərbaycanın təbii resurslarının müasir texnologiyalar əsasında iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb edilməsidir.Bununla yanaşı, xammalın ölkə daxilində emalı, yüksək əlavə dəyərin yaradılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və müasir sənaye infrastrukturu qurulması qarşıya qoyulan məqsədlərin mühüm hissəsidir. Bu baxımdan proqram qarşıdakı illərdə Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənədlərdən biri kimi çıxış edəcək.

Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button