AnalitikaGündəmSiyasət

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Prezident İlham Əliyevin Birləşdirici Missiyası

20 Sentyabr Dövlət Suverenliyi Günü təkcə coğrafi sərhədlərimiz daxilində deyil, dünyanın dörd bir yanında yaşayan milyonlarla azərbaycanlının böyük coşqu və qürurla qeyd etdiyi əlamətdar tarixdir. Bu zəfər, eyni zamanda, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü diaspor siyasətinin, xaricdəki soydaşlarımızın bir ideologiya – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinin təntənəsidir. Dövlət başçısı təkcə Azərbaycan vətəndaşlarının deyil, qlobal miqyasda bütün azərbaycanlıların Lideri kimi bu möhtəşəm birliyə rəhbərlik etdi.

Vətən müharibəsi dövründə olduğu kimi, antiterror tədbirləri zamanı da xaricdəki diaspor təşkilatlarımız Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş hədəflər istiqamətində yorulmadan fəaliyyət göstərdilər. Erməni lobbisinin qarayaxma kampaniyalarına qarşı dünyanın müxtəlif paytaxtlarında sülhsevər aksiyalar keçirən, Azərbaycanın haqlı mövqeyini xarici ictimaiyyətə çatdıran soydaşlarımız ölkəmizin beynəlxalq informasiya cəbhəsində mövqelərini xeyli gücləndirdi. Bu sinxron fəaliyyət milli həmrəyliyimizin bariz nümunəsi idi.

Qələbədən sonra, xüsusən də Şuşada keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarında səslənən fikirlər bu birliyin sarsılmaz olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev hər bir müraciətində xaricdə yaşayan azərbaycanlıları öz ana vətənləri ilə sıx əlaqədə olmağa, tarixi torpaqlarımızın bərpası prosesində iştirak etməyə çağırmışdır. Bu gün diaspora nümayəndələrimiz işğaldan azad edilmiş torpaqlara səfərlər edir, sərmayələr yatıraraq Böyük Qayıdışa töhfə verirlər.

Suverenliyimizin tam bərpası qlobal azərbaycançılıq ideologiyasının mənəvi baxımdan ən pik nöqtəsidir. 20 Sentyabr bayramı sübut edir ki, Prezident İlham Əliyev tərəfindən əsası qoyulan və inkişaf etdirilən milli həmrəylik siyasəti xalqımızın qarşısına çıxan istənilən böyük çağırışın öhdəsindən gəlmək üçün ən güclü və yenilməz silahdır.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button