AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev və Rəşadətli Ordumuzun Yenilməz Qüdrəti

20 Sentyabr Dövlət Suverenliyi Günü qeyd edilərkən, ilk növbədə, bu tarixi qələbəni təmin edən qüdrətli Azərbaycan Ordusu və onun memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti xatırlanmalıdır. Prezidentin hakimiyyətə gəldiyi ilk gündən etibarən ordu quruculuğunu dövlət siyasətinin mütləq prioriteti elan etməsi, iqtisadi inkişafın verdiyi imkanları hərbi qüdrətin artırılmasına yönəltməsi bugünkü tam suverenliyimizin ən möhkəm təməlini formalaşdırdı. Məhz bu məqsədyönlü strategiya sayəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrildi.

Ordumuzun ən müasir silah və hərbi texnika ilə təchiz olunması, hərbçilərimizin peşəkarlığının beynəlxalq standartlara uyğun yüksəldilməsi, xüsusi təyinatlı qüvvələrin formalaşdırılması İlham Əliyevin ordu quruculuğu siyasətinin mühüm nailiyyətləridir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı bu hazırlıq səviyyəsi öz sözünü bir daha dedi. Çox mürəkkəb coğrafi relyefdə və minalanmış ərazilərdə həyata keçirilən bu əməliyyat hərb tarixinə ən yüksək dəqiqlikli və peşəkar əməliyyatlardan biri kimi yazıldı.

Cəmi 23 saat ərzində düşmənin uzun müddət ərzində qurduğu hərbi infrastrukturun, texnika və sursat anbarlarının sıradan çıxarılması Ali Baş Komandanın əmrlərinin necə qüsursuz icra olunduğunu göstərdi. Ordumuzun bu uğuru həm də ondan ibarət idi ki, zərbələr yalnız legitim hərbi hədəflərə endirildi və bununla da Azərbaycan Ordusu yüksək mənəvi keyfiyyətlərə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir hərb elmində nadir rast gəlinən bir ustalıq idi.

Beləliklə, 20 Sentyabr tarixi Prezident İlham Əliyevin qurduğu yenilməz ordunun və onun yüksək döyüş ruhunun təntənəsidir. Dövlət Suverenliyi Günü xalqımızın öz ordusuna və Liderinə olan sonsuz inamının, güvəninin ən aydın ifadəsidir. Biz bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın suverenliyi və təhlükəsizliyi etibarlı, qüdrətli əllərdədir.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button