AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xocalı Səhəri Günü – Tarixi Ədalətin və Böyük Qayıdışın Təntənəsi

Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoymuş 26 Fevral – Xocalı soyqırımı günü bəşər tarixinin ən dəhşətli və qanlı səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motatıcı atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi.

Bir gecənin içində yerlə-yeksan edilən Xocalıda dinc sakinlərinə qarşı törədilən cinayət nəticəsində

613 nəfər qətlə yetirildi. (onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi)

8 ailə tamamilə məhv edildi,

25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi,

487 nəfər ağır yaralandı,

1275 nəfər əsir və girov götürüldü (onlardan 150 nəfərin taleyi bu gün də məlum deyil).

Xocalı sakinləri yalnız azərbaycanlı olduqlarına görə amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirildi. Bu kütləvi qırğın beynəlxalq hüquq normalarına və Cenevrə konvensiyalarına zidd olaraq dinc əhaliyə qarşı həyata keçirilmiş açıq soyqırımı aktı idi.

Uzun illər boyunca Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu cinayətə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində yorulmaz fəaliyyət göstərdi. “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünya ictimaiyyəti bu faciə barədə məlumatlandırıldı, bir çox ölkələrin parlamentləri Xocalı qətliamını soyqırımı və ya kütləvi qırğın kimi tanıdı.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu gün Xocalı azaddır və şəhidlərimizin qisası döyüş meydanında alındı. Böyük Qayıdış proqramı çərçivəsində Xocalı şəhəri yenidən qurulur, doğma sakinləri öz evlərinə qayıdır.

Xocalı qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Bu gün biz Xocalını yalnız böyük kədərlə deyil, həm də bərpa olunmuş milli qürur və tarixi ədalətin zəfəri ilə yad edirik.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatrı

Oxşar Xəbərlər

Back to top button