AnalitikaGündəmMədəniyyətQarabağ və Şərqi ZəngəzurSiyasətSosial
Trend

Rəşadət Xalıqov: Laçın şəhərinin sülh, əməkdaşlıq və mədəniyyət mərkəzinə çevrildiyi bütün dünyaya nümayiş olunur

“26 avqust Azərbaycanın ən yeni tarixinin ən qürurlu səhifələrindən biri Laçın Şəhəri Günü olaraq qeyd olunur. Otuz ilə yaxın davam edən işğal dövründən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpası bu bölgəni Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi mərkəzinə çevirmişdir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 1992-ci ilin may ayında Şuşanın ardınca Laçının işğal edilməsi Azərbaycan üçün böyük bir strateji fəlakət idi. Həmin dövrdə hakimiyyət uğrunda aparılan səriştəsiz mübarizə nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmış, bu da sonrakı ağır ərazi itkilərimizin əsasını qoymuşdur. Rəsmi İrəvan illər ərzində Cenevrə konvensiyalarını kobudcasına pozaraq bölgənin demoqrafik tərkibini dəyişməyə, coğrafi adları saxtalaşdırmağa və təbii sərvətləri talan etməyə çalışmışdır. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər və imzalanmış üçtərəfli bəyanat nəticəsində 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustunun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü.

“Bu gün azad Laçın gələcəyin “yaşıl enerji” və müasir texnologiyalar şəhəri kimi yenidən qurulur. Rayonda Həkəri və Zabux çayları üzərində quraşdırılan kiçik su elektrik stansiyaları (Güləbird, Mişni, Alxaslı, Zabux, Aşağı Malıbəyli, Mirik, Ağbulaq və s.) Laçının enerji tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyir. Böyük tutumlu “Həkəriçay” su anbarının təməlinin qoyulması isə regionun su təhlükəsizliyində strateji mərhələdir. Laçın Aqro-Sənaye Parkı çərçivəsində yaradılan mebel fabrikləri, tikiş və ayaqqabı müəssisələri, habelə “Həkəri Balıq Təsərrüfatı” bölgə sakinlərinin məşğulluğunu təmin etməklə yanaşı, ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verir. 2025-ci ildə istifadəyə verilən və dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən Laçın Beynəlxalq Hava Limanı isə bölgənin qlobal logistika və turizm xəritəsindəki rolunu maksimum səviyyəyə qaldırır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” əsasında tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi vətəndaşların rahatlığı üçün bütün standartları qarşılayır. Zabux, Sus, Bəylik kəndləri və Laçın şəhərinin özündə inşa edilən müasir evlər, məktəblər, tibb müəssisələri minlərlə laçınlının 31 ildən sonra doğma yurdlarına qayıtmasını təmin etmişdir.

Onun sözlərinə görə, 2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi, həmçinin şəhərdə Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin iştirakı ilə keçirilən beynəlxalq səviyyəli zirvə görüşləri bu qədim Azərbaycan torpağının artıq sülh, əməkdaşlıq və mədəniyyət mərkəzinə çevrildiyini bütün dünyaya nümayiş etdirir.

Oxşar Xəbərlər

Back to top button