
Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında iki ölkə arasında əlaqələrin yalnız dostluq və qardaşlıq hisslərinə deyil, konkret iqtisadi, siyasi və geostrateji maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modelinə çevrildiyi vurğulandı.
Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məsələlərdən biri Özbəkistanın son illərdə əldə etdiyi sürətli inkişafdır. Onun fikirlərindən görünür ki, Özbəkistanın iqtisadiyyatın şaxələndirilməsi, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirdiyi islahatlar Azərbaycanla birgə layihələr üçün əlverişli zəmin yaradıb. Bu baxımdan iki ölkənin paralel inkişaf strategiyası qarşılıqlı investisiyaların və birgə iqtisadi təşəbbüslərin genişlənməsini şərtləndirən mühüm amildir.
Müsahibə və bəyanatın ən mühüm mesajlarından biri Azərbaycanla Mərkəzi Asiya arasında geoiqtisadi əlaqələrin yeni səviyyəyə yüksəlməsidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya artıq böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi çıxış edir. Bu prosesdə Özbəkistanla sıx əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Enerji, nəqliyyat, investisiya, turizm, kənd təsərrüfatı, avtomobil sənayesi və emal sektorunda layihələrin genişlənməsi regional inteqrasiyanın praktiki əsaslarını formalaşdırır.
Əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi də iqtisadi münasibətlərin qarşıdakı mərhələdə daha intensiv xarakter alacağını göstərir. Bununla yanaşı, investisiya fondunun fəaliyyəti, SOCAR-ın Özbəkistan bazarına daxil olması, Azərbaycan bankının Özbəkistanda fəaliyyətinin genişlənməsi və neft-qaz layihələri əməkdaşlığın strateji xarakterini daha da möhkəmləndirir.
Digər mühüm istiqamət Qarabağın bərpasında Özbəkistanın iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin və Xankəndidə tikiş fabrikinin yaradılması qardaşlıq münasibətlərinin konkret nəticələrini nümayiş etdirir. Bu, siyasi həmrəyliyin iqtisadi və sosial layihələrlə möhkəmləndirilməsinin nümunəsidir.
Nəticə etibarilə, 23 avqust bəyanatı göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bağlantıların formalaşmasına təsir edən strateji amilə çevrilir. Bu münasibətlərin gələcək inkişafı həm iki qardaş dövlətin iqtisadi gücünü artıracaq, həm də Türk dünyasının regional və beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



